(tam adı və familiyası Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 10.06.1904, Bakı – 27.12.1975, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tənqidçi, pedaqoq və ictimai xadim.
Filologiya elmləri doktoru. (1955), professor (1955), Azərbaycan Elmlər Akademiyasının akademiki (1958; müxbir üzvü 1955). Azərbaycan əməkdar elm xadimi (1960). Azərbaycan Dövlət mükafatı laureatı (1974). Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsini (1930) bitirmiş, Moskvada Sovet Şərqi Xalqları İnstitutunun aspiranturasında oxumuşdur (1930-31).
Azərbaycan maarif nazirinin müavini, Azərbaycan Dövlət Universtetinin rus ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat və Dil İnstitutunun direktoru (1939-50; 1957-59), Respublika Elmlər Akademiyası ictimai elmlər bölməsinin akademik katibi (1959), Elmlər Akademiyasının vitse-prezidenti (1960 ildən), Terminologiya komitəsinin sədri (1957 ildən) olmuşdur.
Yaradıcılığa 20-ci illərdən başlamışdır. Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülündə və inkişafında Məmməd Arifin mühüm xidməti var. O, Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarındandır. «C.Cabbarlının yaradıcılıq yolu» (1956), «Səməd Vurğunun dramaturgiyası» (1964) və s. monoqrafiyaların, Azərbaycan və rus ədəbiyyatı klassikləri, rus sovet, SSRİ və dünya xalqları yazıçıları haqqında, ədəbiyyat nəzəriyyəsinə, ədəbi əlaqələrə, xüsusilə Azərbaycan-rus ədəbi əlaqələrinə aid əsərlərin müəllifidir.
Azərbaycan Ədəbiyyatı tarixinin yaradılmasında Məmməd Arifin diqqətəlayiq xidməti olmuşdur. 2 cildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (1943-44), 3 cildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1957-60), 2 cildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» (1967), «Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki»nin (M., 1963) əsas müəlliflərindən və baş redaktorlarındandır. «Azərbaycan xalqının ədəbiyyatı» (1958; rus, erməni, ingilis, fars dillərində də nəşr edilmişdir), «Azərbaycan ədəbiyyatı tarixi (qısa oçerk)» (1971, rusca) və s. kitabları var. Orta məktəblər üçün dərsliklər (o cümlədən, Azərbaycan ədəbiyyatı barədə ilk dəfə - 1937) yazmış, «Qədim rus ədəbiyyatı (XI-XVII əsrlər)» (1958), «Rus ədəbiyyatı (XVIII)» (1958) ali məktəb dərsliklərinin redaktoru və müəlliflərindən olmuşdur. N.Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, A.Serafimoviç, N.Ostrovski, A.Makarenko, M.Şaginyan, Evripid, Servantes, İ.Bexer, E.Remark və b.-ın əsərlərini tərcümə etmişdir. Bəzi əsərləri xarici dillərə tərcümə olunmuşdur. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. Məmməd Arif SSRİ Elmlər Akademiyasının «Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» problemi üzrə Elmi şurasının, «Qısa ədəbiyyat ensiklopediyası»nın (M., c. 1-9, 1962-79) redaksiya heyətinin, 6 cildlik «Çoxmillətli sovet ədəbiyyatı tarixi»nin (M., 1970-74) baş redaksiya heyətinin üzvü idi. İran yazıçılarının 1-ci konqresində (1946), Şərqşünasların 25-ci Beynəlxalq konqresində (Moskva, 1960) iştirak etmişdir. Azərbaycan Kommunist Partiyası 26-27-ci qurultaylarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan Ali Sovetinin (6-cı çağırış) deputatı və sədri olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir. Adına kitabxana var.
Əsərləri: Ədəbi-tənqidi məqalələr, B., 1958; L.N.Tolstoy, B., 1960; A.P,Çexov, B., 1960; Seçilmiş əsərləri, c. 1-3, B., 1967-70; Əsrin oğlu, B., 1979; Sənətkar qocalmır, B., 1980; Bratskoe sodrucestvo literatur, B., 1972 (sovm. s S. Lukğənovoy); İzbrannoe, t. 1-2, B., 1972-73; Azerbaydcanskaə literatura, M., 1979.