MƏMMƏDƏLİYEV YUSİF HEYDƏR OĞLU

   

(31.12.1905, Ordubad – 15.12.1961, Bakı) – Azərbaycan kimyaçısı. Kimya elmləri doktoru. (1942), professor (1942), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945) və prezidenti (1947-51 və 1958-61), SSRİ Elmlər Akademiyası müxbir üzvü (1958).

SSRİ Dövlət mükafatı laureatı (1946), N.D.Zelinskinin şagirdi. Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirmiş (1926), Kirovabad pelaqoji taxnikumunda və Yerevan Pedaqoji İnstitutunda kimya müəllimi olmuş, iki il Lomonosov ad. Moskva Dövlət Universitetinda təhsilini davam etdirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (1932-33) və Kuybışev ad. Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (1933-45) işləmişdir.

Azərbaycan Elmlər Akademiyası yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik etmişdir. 1951-54 illərdə Azərbaycan Elmlər Akademiyası Fizika, Kimya və Neft bölməsinin akademik katibi, 1954-58 illərdə Azərbaycan Dövlət Universitetunun rektoru olmuşdur.

Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə ozpropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da Böyük Vətən müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir. Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Monqolustan və başqa ölkələrdə çağırılan qurultay, konqress və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir.

Məmmədəliyev SSRİ Ali Sovetinin (5-ci çağırış) və Azərbaycan Ali Sovetinin (4-cü çağırış) deputatı, Mendeleyev ad. Ümumittifaq Kimyaçılar Cəmiyyəti Azərbaycan İdarəsi Rəyasət Heyətinin sədri (1957-61) və Azərbaycan «Bilik» Cəmiyyəti Rəyasət Heyətinin sədri (1948-50 və 1958-61) olmuşdur. Məmmədəliyev Lenin ordeni, Qırmızı Əmək Bayrağı və «Şərəf nişanı» ordenləri, həmçinin medallarla təltif edilmişdir. Azərbaycan Elmlər Akademiyası Neft Kimyası Prosesləri İnstitutuna, Naxçıvan Pedaqoji İnstitutuna, Ordubad ipək kombinatı və Bakı küçələrindən birinə Məmmədəliyevin adı verilmiş, Ordubadda ev-muzeyi açılmış və büstü qoyulmuşdur.

Əsərləri: Azərbaycanın təbii qazları və onlardan kimyəvi istifadə, B., 1936; Sintez toluola alkilirovaniem i dealkilirovaniem aromatiçeskix uqlevodov, B., 1943; Razvitie nauki v Azerbaydcane, B., 1960; İzbr. Proizv., v 3-x t., t. 1-2, B., 1964-67.