(25.2.1910, indiki Qax r-nunun Qax ş.) – Azərbaycan genetiki və seleksiyaçısı. Biologiya elmləri doktoru (1964), professor (1965), Azərbaycan Elmlər Akademiyasının akademiki (1950).
1934-40 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini, 1940-54 illərdə Azərbaycan dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq Torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1954-59 illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi), Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri olmuş (1954-70), 1971 ildən həmin institutun direktorudur.
Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur.
O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər yetişdirmişdir. Mustafayev «Sevinc», «Cəfəri», «Zoğal-buğda», «Arzu», «Gürgənə-1», «Turanikum-186», «Qızıl buğda», «Turgidum-7» və s. sortlar yetişdirmişdir. Bir sıra elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Mustafayevin kadrlar hazırlanmasında böyük xidməti var. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov ad. Qızıl medal, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3 böyük qızıl medalını almışdır. Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və medallarla təltif edilmişdir.
Əsərləri: Azərbaycanda buğdanın seleksiyası. B., 1956; Azərbaycanda buğda, çovdar, arpa və egilopsların öyrənilməsi haqqında materiallar, B., 1961; Azərbaycanın buğda kolleksiyası, B., 1962; Azərbaycan bir çox buğda növlərinin vətənidir, B., 1964.