BƏDƏLBƏYLİ ƏFRASİYAB BƏDƏLBƏY OĞLU

   

(19.4.1907, Bakı– 6.1.1976, Bakı)– Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, librettoçu. Azərbaycan xalq artisti (1960).

1930 ildə Azərbaycan Dövlət Universitetini, 1938 ildə Leninqrad konservatoriyası nəzdində musiqi məktəbini bitirmişdir. 1930 ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olmuşdur. Repertuarında Qərbi Avropa, rus, sovet, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən «Aida» və «Riqoletto» (C. Verdi), «Toska» (C. Puççini), «Leyli və Məcnun» (Ü. Hacıbəyov), «Sevil» (F. Əmirov), «Vaqif» (R. Mustafayev) operaları, «Sonalar gölü» (P. İ. Çaykovski), «Raymonda» (A. Qlazunov) baletləri və s. əsas yer tutmuşdur.

Bədəlbəyli ilk milli Azərbaycan baleti – «Qız qalası»nın (1940, 2-ci redaksiyası 1958) müəllifidir. «Qız qalası» üçün böyük emosional tə‘sir qüvvəsi və dramaturji kamillik, klassik balet formaları ilə milli musiqinin üzvi əlaqəsi səciyyəvidir. Bədəlbəyli «Xalq qəzəbi» (1941, B. Zeydmanla birlikdə), «Nizami» (1948), «Söyüdlər ağlamaz» (1971, 2-ci redaksiyası 1975) operalarının, simfonik poema və təntənəli marşın (hər ikisi 1930) müəllifidir. Bir çox dram tamaşasına musiqi bəstələmişdir («Hası Qara», «1905-ci ildə», «Fərhad və Şirin» və s.).

Bədəlbəyli «Bahadır və Sona», «Söyüdlər ağlamaz» operalarının, «Qız qalası», «Qaraca qız», «Qızıl açar» baletlərinin librettosunu yazmış, «Sevilya bərbəri» (C. Rossini), «Anuş» (A. Tiqranyan), «Daisi» (Z. Paliaşvili) operalarının mətnini ekviritmik tərcümə etmişdir. Bədəlbəyli Azərbaycan musiqi sənətinin təbliğçisi, publisist kimi də tanınmışdır.

Əsərləri: Musiqi haqqında söhbət, B., 1953; Qurban Pirimov, B., 1955; Musiqi lüğəti, B., 1969; Azerb. qos. ordena Lenina teatr operı i baleta im. M. F. Axundova, M., 1959.