(20.6.1921, Bakı yaxınlığındakı Balaxanı k.- 1992, Bakı)– Azərbaycan bəstəkarı. Azərbaycan xalq artisti (1969). Azərbaycan əməkdar incəsənət xadimi (1963). Azərbaycan Dövlət mükafatı laureatı (1950).
A. Zeynallı ad. Bakı Musiqi məktəbində oxumuş, Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1951, B. Zeydmanın bəstəkarlıq sinfini). 1940-cı illərdə Cahangirov Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının xor qrupuna, sazçı qızlar ansamblına, 1944–60 illərdə Azərbaycan Radio Verilişləri Komitəsi nəzdindəki xora rəhbərlik etmişdir.
Cahangirov yaradıcılığının əsas hissəsini təşkil edən xor əsərləri Azərbaycan xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamışdır: solist, xor, qiraətçi və simfonik orkestr üçün «Arazın o tayında» (1949) vokal-simfonik poeması və «Dostluq nəğməsi» (1956) süitası, «Füzuli» (1959) və «Nəsimi» (1973) kantataları, «Sabir» (1962), «Hüseyn Cavid-59» (1984) və Böyük Vətən Müharibəsindəki tarixi qələbənin 40 illiyinə həsr edilmiş «Böyük qələbə» (1985) oratoriyaları və s.
Cahangirovun musiqisi üçün nikbinlik, milli musiqi ilə üzvi əlaqə, axıcı melodika səciyyəvidir. Azərbaycan kütləvi və lirik mahnı janrının, eləcə də opera və instrumental musiqisinin inkişafında da Cahangirovun xidməti var.
Cahangirov «Azad» (1957, M. İbrahimovun «Azad qız» povestinin motivləri əsasında) və «Xanəndənin taleyi» (1978) operalarının, «Təzə gəlin» (1976) operettasının, skripka ilə orkestr üçün konsertin (1951), Azərbaycan xalq çalğı alətləri orkestri («Osetin süitası», «Misir lövhələri» və s.) və xor üçün əsərlərin, mahnıların («Nazənin», «Xəzər», «Dan ulduzu, bir də mən», «Ana», «Zəriflik» və s.), teatr tamaşaları («Almas», C. Cabbarlı; «Xəyyam», H. Cavid; «Türkiyədə», N. Hikmət; «Ana torpaq», Ç. Aytmatov; «Od içində», Ə. Məmmədxanlı; «Mirzə Şəfi Vazeh», N. Xəzri; və s.) və kinofilmlərə («Koroğlu», «Yenilməz batalyon», «Dəli Kür» və s.) musiqinin müəllifidir.
Cahangirov Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir (1975 ildən xor dirijorluğu kafedrasının müdiri; 1978 ildən professoru).