(8.5.1919, Şuşa–19.9.1974, Bakı)– Azərbaycan bəstəkarı, pedaqoq. Azərbaycan xalq artisti (1973). SSRİ Dövlət mükafatı laureatı (1952). Azərbaycan Dövlət mükafatı laureatı (1970).
1946 ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şö‘bəsini bitirmiş, burada əmisi Ü. Hacıbəyovdan, B. İ. Zeydman və b.-dan dərs almışdır. Hacıbəyov 1947 ildə Moskva konservatoriyasında D. D. Şostakoviçin sinfində təcrübə keçmişdir. O, Azərbaycan Musiqili Komediya Teatrının dirijoru (1938–40), Sazçı qızlar ansamblı (1940–42) və Azərbaycan Dövlət Filarmoniyasının (1948–58; 1955–62 illərdə direktoru) bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Hey‘ətinin (1958 ildən)üzvü olmuşdur.
Hacıbəyov 1948 ildən Azərbaycan Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir (1964 ildən professor, 1969–74 illərdə rektor. Hacıbəyovun yaradıcılığında simfonik musiqi janrı əsas yer tutmuşdur. Onun 1-ci (1944; ilk Azərbaycan simfoniyalarından biri) və 2-ci (1946) simfoniyaları Böyük Vətən muharibəsi mövzusuna həsr olunmuşdur. «Karvan» (1945) simfonik lövhəsində Hacıbəyov əlvan musiqi vasitələrilə dinləyicilərdə konkret mənzərə haqqında təsəvvür yarada bilmişdir. Orkestr üçün uvertürası (1956) və konsertində (1964) müasir həyatın inkişafı dinamik şəkildə verilmişdir.
Hacıbəyovun 1950 ildə yaratdığı «Gülşən» baletində sosializm quruculuğu, sovet adamlarının mə‘nəvi keyfiyyətləri tərənnüm edilmişdir. Hacıbəyov həmçinin «Qızıl gül» (1940) musiqili komediyasının, uşaqlar üçün «İsgəndər və çoban» operasının, xalq çalğı alətləri orkestri («Bolqar süitası», 1957) və böyük simfonik orkestr («Hind lövhələri», 1964) üçün əsərlərin, bir sıra mahnı və romansların, dram tamaşalarına («Yaşar», «Aydın», C. Cabbarlı; «Kəndçi qızı», M. İbrahimov; «İnsan», S. Vurğun; «Əliqulu evlənir», S. Rəhman; «Alov», M. Hüseyn) musiqinin müəllifidir.