HACIYEV ƏHMƏD CÖVDƏT İSMAYIL OĞLU

   

(18.6.1917, Nuxa, indiki Şəki – 2002, Bakı)– Azərbaycan bəstəkarı, pedaqoq. Azərbaycan xalq artisti (1960). Azərbaycan Dövlət mükafatı laureatı (1946, 1952). Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Hey‘ətinin katibi (1985 ildən).

1935–38 illərdə Azərbaycan Dövlət Konservatoriyasında (L. M. Rudolfun bəstəkarlıq sinifində), 1938–41 illərdə Moskva Konservatoriyasında (A. N. Aleksandrovun sinifində) oxumuş, 1947 ildə oranı bitirmişdir (D. D. Şostakoviçin sinifini). 1947 ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1957–69, rektor; 1963 ildən professor).

Milli simfonizmin yaradıcılarından biri olan Hacıyevin yaradıcılığının formalaşmasında Azərbaycan milli folklorunun, Ü. Hacıbəyov və rus bəstəkarlarının, xüsusilə D. D. Şostakoviçin böyük tə‘siri olmuşdur. Hacıyevin musiqisi vətəndaşlıq istiqaməti, demokratizmi, dərin məzmunu və yüksək bədiiliyi ilə fərqlənir. Onun ilk böyük əsəri bir hissəli «Simfoniya»dır (1936). O, tələbəlik illərində «Sosialist Azərbaycanı» (1936), A. S. Puşkinin ölümünün 100 illiyinə həsr etdiyi «Sibirə məktub» (1937) simfonik poemalarını, üç hissəli «Azərbaycan süitası»nı (1939), simli kvartet (1941) və s. bəstələmişdir. Hacıyev 1945 ildə Q. Qarayevlə birlikdə Böyük Vətən müharibəsinə həsr olunmuş «Vətən» operasını yazmışdır.

Hacıyev 7 simfoniya bəstələmişdir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mə‘nəvi gözəlliyinin tərənnümü və s. səciyyələndirir. Hacıyevin simfoniyalarının lirik-dramatik, psixoloji və fəlsəfi elementlərlə zənginliyi hələ 1-ci simfoniyada (1944) qabarıq təzahür etmişdir. Hacıyevin 3-cü (1947) və Leninin xatirəsinə həsr olunmuş 4-cü (1956) simfoniyaları milli simfonik musiqinin inkişafında xüsusi yer tutur. 5-ci («İnsan, Torpaq, Kosmos», 1972) və 6-cı («1917–1977», 1977) simfoniyalarında quruculuq işlərinin vüs‘əti fəlsəfi baxımdan əks olunmuşdur. 7-ci simfoniya 1990-ci illərdə Azərbaycanda gedən Qarabağ uğrunda müharibədə Şəhid olmuş döyüşçülərə həsr olunmuşdur.

Hacıyevin «Sülh uğrunda» (1957) simfonik poeması yüksək humanist ideyalarla aşılanmışdır. Onun «Zirvələrə doğru» simfonik poeması da bu mövzudadır. Hacıyev həmçinin orkestr üçün simfoniyettanın (1938), xor, solist və orkestr üçün oratoriyanın (1949), fortepiano üçün ballada (1952), sonata (1956), skersonun (1957), kvartet-poemanın (1965) və «Musiqi lövhələri» əsərlərinin və s.-nin müəllifidir. Azərbaycan bəstəkarlarından N. Əlivərdibəyov, N. Məmmədov, F. Quliyeva, A. Əlizadə, R. Mirişli, O. Felzer və b. onun yetişdirmələridir.