HACIYEV RAUF SOLTAN OĞLU

   

(15.5.1922, Bakı – 1995, Bakı)– Azərbaycan bəstəkarı. Azərbaycan xalq artisti (1978). 1976 ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1979–85 illərdə birinci katib), 1986 ildən SSRİ Bəstəkarlar İttifaqının katibidir.

Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1953, Q. Qarayevin sinifini). Hacıyev Azərbaycan Dövlət Estrada Orkestrinin təşkilatçısı və bədii rəhbəri (1956–65), Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1964–65), Azərbaycan Mədəniyyət naziri (1965–71) olmuşdur.

Müxtəlif janrlı əsərlərin müəllifi kimi tanınan Hacıyevin Azərbaycan sovet operettasının inkişafında mühüm xidməti var. Hacıyevin «Romeo mənim qonşumdur» (1960; 1963 ildə ekranlaşdırılmışdır), «Kuba, məhəbbətim mənim» (1963), «Təbəssümünü gizlətmə» («Qafqazlı qardaşqızı», 1969), «Dördüncü fəqərə» (1973), «Ana, mən evlənirəm» (1976), «Yol ayrıcı» (1981) operettaları geniş şöhrət qazanmışdır. Hacıyevin operettaları SSRİ-nin, eləcə də xarici ölkələrin bir sıra teatrlarında tamaşaya qoyulmuşdur.

Hacıyev ilk professional Əlcəzair baletlərinin («Üç inqilab» (1974), «Alov» (1975), «Hüriyyət» (1979)), eləcə də «Ləzgihəngi» (1969), «Yallı» (1970) balet miniatürlərinin müəllifidir. Hacıyevin vokal yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları Azərbaycan mahnısının inkişafında əhəmiyyətli rol oynamışdır. Digər əsərləri: 2 simfoniya («Gənclik», 1953; 1982), skripka ilə orkestr üçün konsert (1952), 3 oratoriya, 5 kantata (o cümlədən «Kommunist haqqında poema», 1977; «Moskva», 1981), 100-dən artıq mahnı, teatr tamaşalarına, kinofilmlərə musiqi və s.