QULİYEV TOFİQ ƏLƏKBƏR OĞLU

   

(7.11.1917, Bakı – 2000, Bakı) – Azərbaycan bəstəkarı, musiqi xadimi. Azərbaycan xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət xadimi (1958). 1957 ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Hey‘ətinin üzvü, 1968 ildən katibi, 1973 ildən birinci katibi, 1990-cı ildən ömrünün sonuna kimi sədri olmuşdur.

Tofiq Quliyev Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış (1934 - 36), Moskva Konservatoriyasını (1951, bəstəkarlıq üzrə Y. Qolubevin, dirijorluq üzrə L. Ginzburqun siniflərini) və onun aspiranturasını bitirmişdir (1954). 1954 – 58 illərdə Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmişdir. 1961 – 64 illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1968 – 69 illərdə bədii rəhbəri) olmuşdur.

Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. Azərbaycan xalq musiqisi ən‘ənələrindən faydalanan Quliyevin mahnıları kütləvi mahnı janrının gözəl nümunələridir. Quliyevin musiqi dili sadə, aydın və milli koloritlidir. Böyük Vətən müharibəsi illərində («Öldü var, döndü yoxdur») və sonrakı dövrdə yazdığı mahnılarda («Neftçilər mahnısı», «Qızıl sünbül», «Azərbaycan» və s.) Vətənə məhəbbət hissləri, zəhmət adamları tərənnüm olunur. Yaradıcılığında lirik mahnılar («Sənə də qalmaz», «İlk bahar», «Sevgilim», «Sən mənim, mən sənin», «Axşam görüşlərinə», «Bəxtəvər oldum» və s.) əsas yer tutur.

Quliyevin Azərbaycan kino musiqisinin inkişafında da rolu vardır. O, «Bəxtiyar», «Görüş», «Qızmar günəş altında», «Ögey ana», «Telefonçu qız», «Belə ada da vardır», «Nəsimi» və s. filmlərə musiqi bəstələmişdir. Quliyev «Aktrisa» (1943), «Qızılaxtaranlar» (1963), «Sənin bircə sözün» (1963), «Tahirin süqutu» (1972), «Sabahın xeyr, Ella!» (1973) operettalarının müəllifidir.

Quliyev valslar, fortepiano üçün prelüd və variasiyalar, dram tamaşalarına («On ikinci gecə», «Aydın», «Yaşar» və s.) musiqi yazmış, bir sıra Azərbaycan xalq mahnı və rəqslərini, həmçinin ərəb, hind, bolqar mahnılarını işləmiş, «Rast», «Zabul» və «Dügah» muğamlarını (Z. Bağırovla birgə) nota salmışdır. Azərbaycan Ali Sovetinin (6-cı çağırış) deputatı olmuşdur.

2 Qırmızı Əmək Bayrağı ordeni və «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir.