(soyadı Əliyev; 24.06.1938, Naxçıvan MR Ordubad rayonunun Kələki kəndi,– 22.08.2000, Türkiyə, Ankara şəhəri, Bakıda dəfn olunmuşdur ). Azərbaycan Respublikasının eks-prezidenti (1992–1993), Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri olmuşdur.
1957-ci ildə Ordubadda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində təhsil almışdır. Ali təhsil aldıqdan sonra «Hidrolayihə» institutunda (1962–1963), Misir Ərəb Respublikasında tərcüməçi kimi (1963–1964) çalışmışdır. 1965–1968 illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1968–1975 illərdə Azərbaycan Dövlət Universitetində müəllim işləmişdir.
1975-ci ildə Ə. Elçibəy SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən siyasi baxışlarına görə, «milliyyətçilik və antisovet təbliğatı» ilə məşğul olduğuna görə həbs edilmiş və 1 il 6 ay həbsdə olmuşdur. Həbsdən azad olunduqdan sonra 1976-ci ildən Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda çalışmışdır. 10 kitabın müəllifidir.
1988-ci ildə Ə. Elçibəy Azərbaycanda milli-azadlıq hərəkatının ideoloqlarından və təşkilatçılarından biri olmuşdur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı və rəhbəri oldu. 1992-ci ilin iyul ayında Azərbaycan Respublikasının prezidenti seçilmiş və 1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olmuşdur.
1997-ci ildə Demokratik konqresin sədri, həmin ildə Türk dünyası xalqlarının Assambleyasının fəxri sədri seçilmişdir, «Bütöv Azərbaycan» hərəkatına rəhbərlik etmişdir.