(20.8.1912, Tiflis – 1984, Bakı)– Azərbaycan dirijoru, SSRİ xalq artisti, bəstəkar, ictimai xadim. Azərbaycan xalq artisti (1959), Ermənistan xalq artisti (1962). Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946). SSRİ Dövlət mükafatı laureatı (1951, 1952). Ü. Hacıbəyov ad. Azərbaycan Dövlət mükafatı laureatı (1967). Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1972). Beynəlxalq Nehru mükafatı laureatıdır (1974).
Niyazi 1926-31 illərdə Qnesinlər ad. Musiqi Texnikumunda (Moskva), 1933-34 illərdə Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur.
Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmişdir; 1938 ildən (fasilələrlə) orkestrin bədii rəhbəri və baş dirijoru olmuşdur. Niyazinin ifaçılıq fəaliyyəti, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlıdır. O, teatrın dirijoru (1937-48; 1951-52), direktoru, bədii rəhbəri və baş dirijoru (1958-59; 1961-65), 1961 ildə isə S. M. Kirov adına Leninqrad Opera va Balet Teatrının baş dirijoru olmuşdur. 1979 ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub.
Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünə məxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü. Hacıbəyovun «Koroğlu» operası dünya musiqisinin qızıl fonduna daxildir. Niyazi 1961 ildə Leninqrad Opera və Balet Teatrında A. Məlikovun «Məhəbbət əfsanəsi» baletinin ilk tamaşasını hazırlamışdır. O, burada «Yatmış gözəl» (R. Çaykovski) və «Daş çiçək»
(S. Prokofyev) baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə «Qrand-Opera» (Paris) və «Kovent Qarden» (London) teatrlarında qastrol tamaşaları vermişdir (1961). Niyazi həmçinin Ankara Opera və Balet Teatrında «Yevgeni Onegin», «Qaratoxmaq qadın» (P. Çaykovski), «Aida» (C. Verdi) operalarına, İstambul opera teatrında türk bəstəkarı Ə. Sayqunun «Koroğlu» operasının ilk tamaşasına və «Yunus İmrə» oratoriyasına dirijorluq etmişdir.
Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Onun «Rast» (1949) simfonik muğamı müəllifin idarəsilə bir çox xarici ölkədə səslənmiş, qrammofon valına yazılmışdır. Nizaminin eyniadlı poemasının motivləri üzrə yazdığı «Xosrov və Şirin» (1942) operasının, R. Taqorun «Çitranqoda» fəlsəfi dramı üzrə yazdığı «Çitra» baletinin (1961, Kuybışev Opera və Balet Teatrı; 2-ci redaksiyası 1972, Azərbaycan Opera və Balet Teatrı; 3-cü redaksiyası, 1975) müəllifidir. Niyazi «Zaqatala süitası» (1934), «Ləzgihəngi» (1939), «Konsert valsı» (1954) və s. simfonik əsərlərin, ikihissəli proqramlı «Qəhrəmani simfoniya»nın (1944), fortepiano ilə orkestr üçün konsertin (1945), bir çox mahnıların («Vətən haqqında mahnı», «Təbrizim», «Arzu», və s.), dram tamaşalarına, kinofilmlərə musiqinin müəllifidir.