RÜSTƏMOV SƏİD ƏLİ OĞLU

   

(12.5.1907, Erivan – 10.6.1983, Bakı)–Azərbaycan bəstəkarı, dirijor, pedaqoq. Azərbaycan xalq artisti (1957). Azərbaycan Dövlət mükafatı laureatı (1951).

Bakı musiqi məktəbini (1930; tar üzrə Ü. Hacıbəyov və M. Mənsurovdan dərs almışdır) və Azərbaycan Pedaqoji İnstitutunu (1932) bitirmişdir.

Rüstəmovun yaradıcılığı Azərbaycan musiqi folkloru ilə sıx bağlıdır. Rüstəmov muğam formalarından, aşıq musiqisi, xalq mahnı və rəqslərindən, müasir kütləvi mahnı janrlarından istifadə etmiş, özünəməxsus musiqi dili yaratmışdır.

Mahnı janrı yaradıcılığında əhəmiyyətli yer tutmuşdur. Onun lirik, əmək, sülh və vətənpərvərlik mövzularında bəstələdiyi «Alagöz», «Qurban adına», «Şe‘r deyilmi», «Gəlmədin», «Sürəyya», «Həkim qız», «Mən sülhə səs verirəm», «İrəli», «Cəbhəyə» və s. mahnıları geniş şöhrət qazanmışdır.

Rüstəmov müasir mövzuda yazılmış ilk Azərbaycan musiqili komediyası– «Beş manatlıq gəlin» (1939), eləcə də «Durna» (1947) və «Rəisin arvadı» (1961) musiqili krmediyalarının müəllifidir.

1930-cu illərdə Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak etmişdir («Aşıq mahnıları», 4 məcmuədə, B., 1938; «100 Azərbaycan xalq mahnısı», B., 1968; və s.).

1931 ildən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri, 1935–73 illərdə orkestrin baş dirijoru və bədii rəhbəri olmuş, bu orkestr üçün bir sıra əsərlər yazmışdır («Bayatı-kürd fantaziyası», «Azərbaycan» süitası və s.). Hal-hazırda həmin orkestr Səid Rüstəmovun adını daşıyır.

Rüstəmov 1929 ildən pedaqoji fəaliyyət göstərmişdir (1973 ildən professor). Rüstəmov «Tar məktəbi»nin (1935, 8-ci nəşri 1983), «Tar üçün etüdlər»in (1950), tar ilə xalq çalğı alətləri orkestri üçün konsertin, kantataların müəllifidir.

1949–53 illərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuşdur.