(23.2.1911, Şuşa – 1986, Bakı)– Azərbaycan rejissoru. Azərbaycan xalq artisti (1964).
Azərbaycan Dövlət Dram Teatrında (1932–42, rejissor assistenti və rejissor), Azərbaycan Musiqili Komediya Teatrında (1943–49, 1956–61, 1963–74, bədii rəhbər və direktor) işləmişdir. 1974–76 illərdə M. Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri olmuşdur.
1976 ildən Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur. Bədəlbəyli Azərbaycan Dövlət Dram Teatrında «Ölülər» (1940, C. Məmmədquluzadə), «Xoşbəxtlər» (1941, S. Rəhman), opera və balet teatrında «Koroğlu», «Əsli və Kərəm» (1950, 1958, Ü. Hacıbəyov), «Daisi» (1956, Z. Pavliaşvili), «Sevilya bərbəri» (1962, C. Rossini), «Knyaz İqor» (1964, A. Borodin), musiqili komediya teatrında isə «Keto və Kote» (1964, 1968, V. Dolidze), «Gözün aydın» (1946, F. Əmirov), «Ulduz»(1948, S. Ələsgərov), «Durna» (1948, 1956, 1959, S. Rüstəmov), «Arşın mal alan» (1953, Ü. Hacıbəyov), «Ləpələr» (1970, A. Məlikov), «Hicran» (1973,
E. Sabitoğlu) və s. əsərlərin quruluşçu rejissoru olmuşdur.
1957 ildə Türkmənistan Dövlət Opera və Balet Teatrında Ü. Hacıbəyovun «Koroğlu» operasını tamaşaya qoymuşdur. Kinofilmlərdə də çəkilmişdir («Axırıncı aşırım», «Ömrün səhifələri»
və s.). Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.