(29.4.1919, Aşqabad – 20.09.1993, Bakı)– Azərbaycan kinorejissoru. Azərbaycan xalq artisti (1971). Azərbaycan və Türkmənistan əməkdar incəsənət xadimi (1959).
Aşqabad Teatr Məktəbini (1940), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsini (1952, S. Yutkeviç və M. Rommun sinfini) bitirmişdir. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1937–42 illərdə Aşqabad Azərbaycan Musiqili Dram Teatrında aktyor işləmişdir.
Kino yaradıcılığına 1952 ildən Aşqabad kinostudiyasında başlamış, «Firuzə» (1953) və «Xəzərin Şərqində» (1953, V. Lavrovla birgə) mənzərə filmlərinin rejissoru olmuşdur. 1954–59 illərdə Bakı kinostudiyasında fəaliyyət göstərmiş, «Bir məhəlləli iki oğlan» (1957, Qurinlə birgə; M. Qorki ad. kinostudiyası, Moskva), «Onun böyük ürəyi» (1959) bədii filmlərini çəkmişdir.
İbrahimov 1959–62 illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasına fəal iştirak etmişdir. İbrahimovun bədii rəhbərliyi ilə Vyetnamda «Bir payız günündə», «Cüllüt» (Karlovı-Varı Beynəlxalq kino festivalının xüsusi mükafatı, 1962), «İki əsgər» filmləri çəkilmişdir.
1962 ildən «Mosfilm» kinostudiyasının rejissordur. İbrahimovun «26 Bakı komissarı» (1966, «Azərbaycanfilm»lə birgə) və «Ulduzlar sönmür» (1970) bədii filmləri məşhurdur. «Ürək məsələləri» (1973) filmi ailə-məişət mövzusuna həsr olunmuşdur. «Məhəbbətim, kədərim mənim» (1978, SSRİ–Türkiyə birgə istehsalı) filmi N. Hikmətin «Məhəbbət əfsanəsi» pyesinin motivləri əsasında çəkilmişdir. Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və «Şərəf nişanı» ordenləri, eləcə də Vyetnamın Əmək ordeni ilə təltif edilmişdir.