MƏMMƏDBƏYOV LÜTFİ ŞAHBAZ OĞLU

   

(06.02.1927, Ağdaş rayonu – 01.02.2004, Bakı şəhəri) – Azərbaycan xalq artisti, quruluşçu rejissor, «Qızıl dərviş» mükafatı laureatı (1997).

Bakıdakı 29 saylı orta məktəbdə və Teatr texnikumunda (1943 - 1947) təhsil alıb. 1966-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluq kursunu bitirib.

Tələbəlik illərindən başlayaraq, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. 1961-ci ildən Akademik Milli Dram Tetrında aktyor və quruluşçu reyissor kimi çalışıb. Onun yaratdığı rollardan Neznamov («Günahsız müqəssirlər», A. Ostrovski), Sadıq və Mürşüd («Xoşbəxtlər», S. Rəhman), Surxay («Toy», S. Rəhman) və başqalarını göstərmək olar.

L. Məmmədbəyov həmçinin Milli Dram Teatrında «Çarəsiz dələduz» (R. Viviani), «Məhəbbət yaşadır», «Qisas qiyamətə qalmaz» (N. Hacızadə), «Əcəb işə düzdük» (Ş. Qurbanov), «Bağ qonşuları» (H. Vahid) və s. tamaşalarının quruluşçu rejissoru olmuşdur.

Eyni zamanda, L. Məmmədbəyov televiziyada altmışdan çox tamaşa hazırlayıb: «Kəllə» (N. Vinner), «Balaca şahzadə» (Ekzüperi), «Polkovnik Şater» (O. Balzak), «Tufan» (A. Moravi), «Son yarpaq» (O. Henri), «Alov» (M. Hüseynzadə), «Göz həkimi» (İ. Səfərli), «Atayevlər ailəsi» (İ. Əfəndiyev), «Kimdir müqəssir», «Vicdan» (B. Vahabzadə), «Qırmızı yaylıqlı qovağım mənim», «Köşək gözlü», «Ana tarlası» (Ç. Aytmatov) və s. Çoxseriyalı «Yad qızı» və «İtgin gəlin» telefilmlərini çəkmişdir.

1953-cü ildən 26-lar Mədəniyyət sarayında Xalq teatrına rəhbərlik edən L. Məmmədbəyov onlarla gənc aktyoru sənətə gətirmişdir. Hələ sağlığından bu xalq teatrı Lütfi Məmmədbəyovun adını daşıyır. L. Məmmədbəyov həm də Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru olmuşdur, teatr və kino sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilmişdir.