(09.04.1946, Bakı – 08.04.1993, Bakı) – kinorejissor və aktyor.
1964 – 1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1969-cu ildən ömrünün sonuna kimi C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında rejissor kimi çalışmışdır. C. Mirzəyev kiçik yaşlarından kinoya maraq göstərmiş, 1955 – 56-cı illərdən epizodik rollarda çəkilməyə başlamışdır.
1958-ci ildə 11 yaşında olarkən «Ögey ana» bədii filmində (rejissor H. İsmayılov) baş rola – İsmayıl roluna çəkilmişdir. Həmin vaxtdan o, «Azərbaycanfilm», «Lenfilm», Odessa kinostudiyalarının istehsalı olan bədii filmlərdə istedadlı aktyor kimi parlaq, özünəməxsus, yaddaqalan rollar yaratmışdır. Onun «Qara qağayı», «Yenilməz batalyon», «Mateo Falkone», «Dəli Kür» filmlərində yaratdığı obrazlar bədii gücü, səmimiliyi və dolğunluğu ilə diqqəti cəlb edir. C. Mirzəyev «Mozalan» respublika satirik kinojurnalında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərmişdir. Kinorejissor kimi C. Mirzəyevin çəkdiyi bədii filmlər bunlardır: «Bəyin oğurlanması»(rejissor V. Mustafayevlə birgə, 1987), «İşarəni dənizdən gözləyin» (1986), «Fəryad» (1993).