SEYİDBƏYLİ HƏSƏN MEHDİ OĞLU

   

(22.12.1920, Bakı – 25.06.1980, Bakı) – Azərbaycan kinodramaturqu, rejissor, yazıçı.

Azərbaycan əməkdar incəsənət xadimi (1960). Azərbaycan xalq aristi (1976). Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri (1963-80), SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi (1971-80) olmuşdur. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir (1943).

Həmin ildən C.Cabbarlı ad. «Azərbaycanfilm» kinostudiyasında rejissor kimi fəaliyyət göstərmişdir. «Bakıdan Göygölədək» (1947), «Böyük yol» (1948) kinooçerkləri Seyidbəylinin kinoda ilk işləridir. Seyidbəylinin «Telefonçu qız» (1962), «Belə ada da vardır» (1965), «Cazibə qüvvəsi» (1966; «Çox sevdiyimiz adamlar» kinoalmaxına daxildir), «Sən və üçün susursan?» (1966), «Bizim Cəbiş müəllim» (1970), «O qızı tapın» (1971), «Səadət qayğıları» (1976; 10-cu Ümumittifaq kino festivalının diplomu, 1977) filmlərində mühüm ictimai, sosial və mənəvi problemlərə toxunulur.

Azərbaycan şairi Nəsimiyə həsr olunmuş «Nəsimi» (1973) filmi 7-ci Ümumittifaq kino festivalında «ən yaxşı tarixi film üçün» mükafatına layiq görülmüşdür (1974).

Seyidbəylinin ssenariləri əsasında həmçinin «Qızmar günəş altında» (1958), «Uzaq sahillərdə» (1958, İ.Qasımovla birgə) filmləri çəkilmişdir.«Kür sahillərində» (1953), «Bizim Astrada» (1956), «Telefonçu qız» (1960) povestləri, «Cəbhədən-cəbhəyə» (1961), «İllər keçir» (1973, İ.Qasımovla birgə), «Tərsanə» (1975), «Çiçək» (1978) romanları, «Dəniz cəsurları sevir» (1954), «Sən nə üçün yaşayırsan» (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərimizin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. «Uzaq sahillərdə» (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Azərbaycan Ali Sovetinin (9-10-cu çağırış) deputatı olmuşdur. Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və medallarla təltif edilmişdir.

Əsərləri: Qiymətli damcılar, B., 1952; Cəbhədən cəbhəyə, B., 1979; Çiçək, B., 1980; Sudoverfğ, M., 1977.