AXUNDOV VƏLİ YUSİF OĞLU

   

(14.05.1916, Bakı – 1986, Bakı) –tibb alimi. Azərbaycan Elmlər Akademiyasının Akademiki (1969), tibb elmləri doktoru (1964), professor (1966).

Axundov 1941 ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, Q. M. Musabəyov ad. Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda elmi işçi və direktor, Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1946 - 1949), Azərbaycan SSR sahiyyə nazirinin müavini (1949 - 52), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdirinin müavini (1953 - 54), Azərbaycan SSR sahiyyə naziri (1954 - 58), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1958), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958 - 59), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959 - 1969) işləmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının prezidentinin müavini (1969 - 1972) olmuşdur.

1972 ildən Q. M. Musabəyov ad. Virusologiya, Mikrobiologiya və Gigiyna İnstitutunun direktoru olmuşdur. Axundov insan sağlamlığı ilə xarici mühit amillərinin münasibəti qanunauüğunlarının öyrənilməsi, ictimai gigiyena, tibbi kibernetika, qida məhsullarında pestisidlərin sirkulyasiyası, Bakının neft rayonlarının sanitariya-epidemiologiyası və s. sahələrdə elmi işlər aparmışdır. SSRİ Ali Sovetinin (6 və 7-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (4 – 7-ci çağırış) deputatı olmuşdur. Lenin ordeni, başqa orden və medallarla təltif olunmuşdur.