(1933 - 2002) Novruzov Cabir Mirzəbəy oğlu –Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1969), Azərbaycanın Əməkdar incəsənət xadimi (1978), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995).
Bakıda M.Ə.Sabir adına pedaqoji texnikumda (1947-1951), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxumuş, oradan Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmişdir (1952-1957). «Bakı» axşam qəzeti redaksiyasında ədəbi işçi (1958-1964), «Azərbaycan» jurnalı redaksiyasında şöbə müdiri (1964-1967), «Ulduz» jurnalında baş redaktor (1967-1970) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1970-ci ildən), eyni zamanda «Azərbaycan» jurnalının baş redaktoru (1984-1987), «Ədəbiyyat» qəzetinin baş redaktoru olmuşdur (1991-1993). Azərbaycan Yazıçılar Birliyi heyətinə (filiallar üzrə) katib seçilmişdir (1991).
Onun «İlk görüş» adlı ilk şeri 1952-ci ildə «İnqilab və mədəniyyət» jurnalında dərc olunmuşdur. Mənim muğamatım, İnsan məhəbbəti(1963), İllərin ömrü, (1965), Bizim əsr, (1968), Adi həqiqətlər, (1969), Həyat sən nə qəribəsən, (1971), Taleyin töhfələri, (1972), Bir dünyam var, (1974), Ömür keçir karvan kimi (1985), Ulu dünya, heyifsən, (1987), Anam vardı, dünyam vardı, (1989), Vətən əbədi qoruqdur, (1992), Özünü qoru, xalqım (1996), Insanı tanımaq olmur (2001) kitablarının müəllifidir