Xəlilov Xəlil Rza oğlu-şair, tənqidçi, ədəbiyyatşünas, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycanın Xalq şairi (1992).
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə «Azərbaycan qadını» jurnalı redaksiyasında ədəbi işçi kimi başlamışdır (1955-1957). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olmuşdur (1957-1959), sonra Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim işləmişdir (1959-1960). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, sonra aparıcı elmi işçi kimi çalışmışdır (1969-1994).
«Müharibədən sonrakı dövrdə Azərbaycan sovet ədəbiyyatında poema janrı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. «Məqsud Şeyxzadənin poeziyası və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. İlk mətbu şeri - «Kitab» 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində dərc olunmuşdur. Bu vaxtdan dövri mətbuatda şerləri, ədəbi-tənqidi məqalələri ilə müntəzəm çıxış etmişdir.
Bahar gəlir (1957), Sevən gözlər (1959), Məhəbbət dastanı (1961), Mənim günəşim (1963), Qollannı genişaç (1965), Yeni zirvələrə (1971), Ucalıq, (1973), Doğmalıq (1977), Taparam səni (1980), Ömürdən uzun gecələr (1982), Hara gedir bu dünya (1983), Məndən başlanır vətənim (1988), Davam edir 37 (1992), Ayla günəş arasında (1992), Qəhrəman Təbrizim (1994), Türkün dünyası (1994), Mən Şərqəm (1994), Bağışla, ey vətən (1995), Uzun sürən gənclik (1998), Lefortovo zindanında (1998), İlk Allahım, son Allahım - mübarizə (1999), İstiqlal nəğməkarı (2000) kitabların müəllifidir.