KƏRİMZADƏ FƏRMAN

   

(1937–1989)–nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Azərbaycanın Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).

İsmayıllı və Jdanov rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra «Yüksəliş» rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, «Abşeron», «Ədəbiyyat və incəsənət» qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında kollegiya üzvü (1970-1977), «Ədəbiyyat və incəsənət» qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.

Əsərləri: Sonuncu eksponat, B., 1961; Ömrümüz-günümüz, B., 1963; Heykəl dilə gəlir, B., 1965; Qarlı aşırım, B., 1971; Xudafərin körpüsü, B., 1982; Çaldıran döyüşü, B., 1988.