QASIMOV İMRAN HAŞIM OĞLU

   

(25.11.1918, Bakı – 1981, Bakı) – Azərbaycan yazıçısı, dramaturq, publisist, ictimai xadim. Azərbaycan əməkdar incəsənət xadimi (1960).

Azərbaycan Kinematoqrafiya nazirinin müavini (1945-47), «Literaturnı Azerbaydjan» jurnalının baş redaktoru (1953-55), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1961-75) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi (1975 ildən), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi idi (1976 ildən).

Ədəbi işə dramaturq kimi başlamışdır. İlk kino əsəri Bakı fəhlələrinə həsr olunmuş «Yeni horizont» filminin ssenarisidir (1940 ildə ekrana buraxılmışdır). «Xəzər neftçiləri haqqında dastan» (1959; Q.Osipovla birgə), «Dəniz fatehləri» (1958, R.Karmenlə birgə), «Onun böyük ürəyi» (1959), «Əsl dost» (1960), «Bizim küçə» (1963) və s. filmlərinin ssenari müəllifidir. Adamların fədakar əməyini, müasirlərimizin mənəviyyatını tərənnüm edən «Arzu» (1938), «Xəzərin şəfəqləri» (1950), «Dəniz cəsurları sevir» (1954) və «Sən niyə yaşayırsan» (1959; hər ikisi H.Seyidbəyli ilə birgə), «İnsan məskən salır» (1965), «Nağıl başlananda» (1972), «Ömrümüz çox qısadır» (1973), «Dairəni genişləndirin» (1974) pyesləri Azərbaycan səhnəsində, Moskvada, ölkənin bir çox teatrında tamaşaya qoyulmuşdur.

İ. Qasımov, H.Seyidbəyli ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin həyat və hünərindən bəhs edən «Uzaq sahillərdə» (1953), Azərbaycan fəhlə sinfinin üç nəsli haqqında «İllər keçir» (1955) romanlarını yazmışdır. Avropa ölkələrinə səfərlərdən sonra «Fransız qobeleni» (1970) sənədli povestini, Fransa Müqavimət hərəkatından bəhs edən «Ceyran» (1975) bədii povestini nəşr etdirmişdir. Qasımov əmək adamlarına, ictimai və ədəbi problemlərə həsr olunmuş oçerk və məqalələrin müəllifidir. Bir sıra əsərləri xarici dillərə tərcümə edilmişdir.