ABDULLAYEV HƏSƏN MƏMMƏDBAĞIR OĞLU

   

(20.8.1918, indiki Culfa r-nunun Yaycı k. – 1993, Bakı)– Azərbaycan fiziki.

SSRİ Elmlər Akademiyası müxbir üzvü (1970), Azərbaycan Elmlər Akademiyasının akademiki (1967; müxbir üzvü 1955), Azərbaycan Elmlər Akademiyasının prezidenti (1970 ildən). Azərbaycan əməkdar elm xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1972). 1950, 1957-58 illərdə Azərbaycan Elmlər Akademiyası Fizika-Riyaziyyat İnstitutunun direktoru, 1959 ildən isə Fizika İnstitutunun direktoru olmuşdur. Azərbaycan Elmlər Akademiyası fizika-riyaziyyat və texnika bölməsinin akademik katibi (1968–70) olmuşdur.

Abdullayevin selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cişazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Abdullayevin rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır. Termoelektrik çeviriciləri üçün Abdullayevin aldığı yarımkeçirici materiala ABŞ və Fransanın patentləri verilmişdir.

Abdullayevin təşəbbüsü ilə 1956 ildə Azərbaycan Dövlət Universitetində yarımkeçiricilər fizikası kafedrası təşkil edilmişdir. Abdullayevin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. O, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaratmışdır. Abdullayev Elmlər Akademiyası «Yarımkeçiricilər fizikası və kimyası » elmi şurasının üzvü, respublikanın «Fizika problemləri» elmi şurasının və «Bilik» cəmiyyətinin sədridir. Abdullayev ABŞ (1961, 1972), Fransa (1957, 1971, 1976), Bolqarıstan (1958), Rumıniya (1958), İngiltərə (1962), Polşa (1963), Yaponiya (1966), İsveç (1971), İran (1972) və s. ölkələrdə beynəlxalq elmi müşavirələrdə iştirak və çıxış etmişdir. ABŞ-da (1970), Türkiyədə (1974) yarımkeçiricilər fizikasına dair mühazirələr oxumuşdur.

Abdullayev yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair bir sıra əsərin (50-dən çoxu xaricdə çap olunmuşdur), 30 ixtiranın müəllifidir. Abdullayevin «Elektron yarımkeçiriciləri və onların tətbiqi» (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir. SSRİ Ali Sovetinin (8–9-cu çağırış) deputatı olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni və S. İ. Vavilov ad. medalla təltif edilmişdir.

Əsərləri: Yarımkeçiricilər, B., 1961; Poluprovodnikovıe vıprəmiteli, B., 1958; Nekotorıe voprosı fiziki glektronno-dıroçnıx perexodov, B., 1971; Selen i zrenie, B., 1972; Fizika selena, B., 1975.