MEHDİ HÜSEYN

   

(Mehdi Əli oğlu Hüseynovun təxəllüsü) (22.03.1909, Qazax r-nunun Şıxlı k. – 10.03.1965, Bakı) – Azərbaycan yazıçısı, dramaturq, tənqidçi və ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964). SSRİ Dövlət mükafatı laureatı (1950).

Azərbaycan Dövlət Universitetinin pedaqoji fakütləsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitututu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65) olmuşdur.

Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi («Bizdə futurizm cərəyanı») 1926 ildə, ilk hekayəsi («Qoyun qırxımı») isə 1927 ildə dərc edilmişdir. «Bahar suları» (1930), «Xavər» (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. «Tunel» (1927), «Qan intiqamı» (1928), «Kin» (1935), «Daşqın» (1933-36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.

Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan «Komissar»da (1942-49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan «Səhər» (1953), «Tərlan» (1940), «Vətən çiçəkləri» (1942), «Moskva» (1942), «Ürək» (1945), «Fəryad» (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən «Abşeron» (1949), müəyyən mənada onun davamı olan «Qara daşlar» (1957-59) və «Yeraltı çaylar dənizə axır» (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir.

Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına «Şöhrət» (1939) pyesi ilə başlamışdır. «Nizami» (1942) və «Cavanşir» (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. «Alov» (1961), «İntizar» (1944, İ.Əfəndiyevlə birgə), «Şamil» (1940-41) və «Qardaşlar» (1948) pyesləri, habelə xatirələri, yol qeydləri («Bir ay və bir gün», 1963), gündəlikləri var.

«Şair» (1939), «Fətəli xan» (1947, Ə.Məmmədxanlı ilə birgə), «Səhər» (1958), «Qara daşlar» (1958) kinossenarilərinin müəllifidir.

Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.