(1908–1978) – Azərbaycan yazıçısı, ədəbiyyatşünas,
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycan Əməkdar Elm xadimi (1969),respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1968),
filologiya elmləri doktoru (1947), professor (1948).
1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–27).
Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şö‘bəsində (1930–32), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–35). «Füzulinin poetikası» mövzusunda namizədlik dissertasiyası (1940), «Azərbaycanda ədəbi məktəblər» mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.
1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. «Kommunist» qəzetində şöbə müdiri, «Gənc işçi» qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–35). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).
Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur.
«Qafqazın müdafiəsinə görə», «Əmək igidliyinə görə» (1944) medalları, «1941–45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə» (1948), «Qırmızı əmək bayrağı» (1967), «Oktyabr inqilabı» (1978) və iki dəfə «Şərəf nişanı» (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və «Qabaqcıl maarif xadimi» nişanı ilə təltif olunmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.