RƏFİBƏYLİ NİGAR XUDADAT QIZI

   

(29.06.1913, Gəncə – 10.07.1981, Bakı) – Azərbaycan şairəsi. Azərbaycan xalq şairi (1981). Azərbaycan əməkdar mədəniyyət işçisi (1967).

Moskva Pedaqoji İnstitutunu bitirmişdir (1936). «Çadra» adlı ilk şeri 1928 ildə «Dan ulduzu» jurnalında dərc edilmişdir. 1934 ildə nəşr olunmuş ilk «Şerlər» kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. «Dolores İbarruri» (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur.

Böyük Vətən müharibəsi illərində Rəfibəyli döyüşçülərin rəşadətini və xalqın qələbəyə inamını («Zəfər nəğməsi» kitabı, 1943) tərənnüm etmişdir. Rəfibəylinin yaradıcılığında müharibə əleyhinə mübarizə mövzusu mühüm yer tutur («Şerlər» (1949), «Anaların səsi» (1951), «Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən» (1957) və s. kitabları). «Cəmilə» şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir. Azərbaycanın gözəl təbiət mənzərələri, mənəvi zənginliyi, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları «Dənizin səsi gəlir» (1964), «İşıqlı dünyam» (1969), «Günəşdən gənclik istədim» (1974) və s. kitablarındakı şerlərin əsas mövzularıdır.

Rəfibəyli Uşaqlar üçün də əsərlər («Balaca qəhrəman», 1942; «Günəşin cavabı», 1966; «Məstanın balaları», 1968; «Bizə bahar yaraşır», 1978 və s.) yazmışdır.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin «İfigeniya», F.Şillerin «Məkr və məhəbbət», A.P,Çexovun «Vanya dayı», «ALbalı bağı» dramalarını, E.L.Voyniçin «Ovod», O.Qonçarın «Bayraqdarlar» romanlarını, Ə.Nəvai, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və b.-nın bəzi əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.