(1910-1970) Mahmudov Sabit Rəhman Kərim oğlu - nasir, dramaturq, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi.
1926-cı ildə Bakı müəllimlər seminariyasını bitirmişdir. Üç il Şəkidə nümunəvi şəhər məktəbində müəllim işləmişdir. Bakı Ali Pedaqoji İnstitutunda təhsil almışdır (1929-1932).
İlk hekayələr məcmuəsi -«Pozğun» 1931-ci ildə dərc olunmuşdur.
Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri (1934-1936), eyni zamanda Yazıçılar Birliyində uşaq bölməsinin rəhbəri (1935) olmuşdur, 1936-cı ildə Moskvada, kinoakademiyada ssenari fakültəsində təhsil almışdır. Bakı kinostudiyasında ssenari şöbəsinin müdiri (1937-1938), işləmişdir. Azərbaycan Nazirlər Soveti incəsənət işləri idarəsində teatr şöbəsinin müdiri (1941-1942), rəis müavini (1942-1944), sonra Bakı kinostudiyasının direktoru, eyni zamanda Kinematoqrafiya Nazirliyində nazir müavini (1945-1946), Yazıçılar Birliyində dramaturgiya üzrə məsləhətçi (1947-1951), teatr institutunda müəllim işləmişdir.
1930-1940-cı illərdə «Arşın mal alan», «O olmasın, bu olsun», «Koroğlu», «Əhməd hardadır?» ssenarilərini, «Ulduz» musiqili komediyasının, «Yeddi gözəl» baletinin librettosunu, «Toy», «Xoşbəxtlər», «Aşnalar», «Aydınlıq», «Əliqulu evlənir», «Yalan» pyeslərini və digər əsərləri qələmə almışdır.
Şirin bülbül (hekayələr), (1933), Vəfasız (povest), (1933), Gənclik hekayələri (1936), Xəyalplov (1938), Son faciə (povest), (1939), Hüseyn Ərəblinski (povest) (1948) və s. kitabları nəşr olunmuşdur.