SÜLEYMAN RÜSTƏM

   

(1906-1989) Rüstəmzadə Süleyman Əliabbas oğlu - şair, dramaturq, 1934-cü ildən Yazıçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1943), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət Mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976).

N.Nərimanov adına Bakı sənaye texnikumunda təhsil almışdır.

«Molla Nəsrəddin» məcmuəsində kiçik xəbərlərlə çıxış etmişdir. «Unudulmuş gənc» adlı ilk mətbu şeri «Maarif və mədəniyyət» jurnalında dərc olunur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir.

1925-ci ildən buranı bitirib «Gənc işçi» qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində ədəbi mühitlə sıx əlaqə saxlamışdır: ədəbiyyat və dram dərnəklərində fəal iştirak etmiş, dövri mətbuatda şer, hekayə və felyetonlarını çapa vermişdir. Azərbaycan Yazıçıları Proletar Cəmiyyətinin katibi və idarə heyətinə üzv seçilmişdir. 1928-ci ilin mayında Ümumittifaq Proletar Yazıçıları Cəmiyyəti idarə heyətinə daxil olmuşdur.

1929-cu ildən I Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsində təhsil almışdır. «Qana qan», H.Nəzərli ilə yazdığı «Yanğın», «Qaçaq Nəbi» (1940) pyesi tamaşaya qoyulmuşdur. Azərbaycan SSR Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti Sovet - Bolqar dostluğu şöbəsinin idarə heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan KP MK üzvü kimi fəal ictimai fəaliyyətlə məşğul olmuşdur.

O, «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuş, Azərbaycan Yazıçılar Ittifaqınm idarə heyətinə, «Azərbaycan», «Kirpi» jurnallannın və «Sovetski pisatel» nəşriyyatının (şair kitabxanası nəşri) redaksiya heyətlərinə üzv seçilmişdir. Ələmdən nəşəyə (1927), Addımlar (1930), Şairin səsi (1934), Gecənin romantikası (1938), Ana ürəyi (1942), Ana və poçtalyon (1943), Gün o gün olsun ki... (1943), İki sahil (1954), Sülh nəğmələri (1951), Bahar düşüncələri (1964), Qafurun qəlbi (1970), Günəşli sahillərdə, (1963), Bir az da məhəbbətdən (1966), Durna (komediyalar (1963), Könül (1970), Günəşli yollarda (1972), Xəzərimin səhəri (1976), Ürəyimin gözüylə (1977), Mənim günəşim (1980), Cənub həsrəti (1982), Ürək döyüntüləri (şerlər) (1984), Təbrizim (şerlər və poemalar) (1986), Azərbaycana gəlsin (şerlər) (1988) və s. kitabların müəllifidir.