(24.12.1921, Astara – 21.02.1997, Bakı)– Azərbaycan şərqşünası, tarix elmləri doktoru (1964), professor (1965), Azərbaycan Elmlər Akademiyasının akademiki (1976 müxbir üzvü 1967). Sovet İttifaqı Qəhrəmanı (27.2 1945).
Bünyadov 1939 ildə Bakıda Hərbi Məktəbə daxil olmuşdur. Böyük Vətən müharibəsində vzvod və rota komandiri kimi Berlinədək döyüş yolu keçmiş, Polşa ərazisində gedən döyüşlərdə fərqlənmişdir. Bünyadov ordudan tərxis olunduqdan (1946) sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950 ildə oranı bitirmişdir. 1954-64 illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda baş elmi işçi işləmişdir. 1964 ildən Azərbaycan Elmlər Akademiyası Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şö‘bəsinin rəhbəridir.
Bünyadov Xilafət və Azərbaycanın 7–13 əsrlər tarixinin tədqiqatçılarındandır. Bünyadov alban tarixçisi Mxitar Qoşun «Alban xronikası» (B., 1960) əsərini ingilis dilindən , Əbdürrəşid Bakuvinin ««Abidələr»in xülasəsi və qüdrətli hökmdarın mö‘cüzələri» (M., 1971) və Nəsəvinin «Sultan Cəlaləddin Mankburninin həyatının təsviri» (B., 1973) əsərlərini ərəb dilindən rus dilinə tərcümə etmişdir. Bünyadovun əsərləri İraq, Fransa və Türkiyədə də nəşr olunmuşdur.
Bünyadov SSRİ-nin ərəb ölkələri ilə dostluq Cəmiyyəti Rəyasət Hey‘ətinin vitse-prezidenti, 18-ci ordunun veteranlar şurasının Bakı bölməsinin sədri, Ümumittifaq inqilabı və döyüş şöhrəti yürüşü Azərbaycan qərargahının rəisi idi. Qırmızı Bayraq, Aleksandr Nevski, 2-ci dərəcəli Vətən müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.