(22.03.1919, indiki Azərbaycan Qazax r-nunun İkinci Şıxlı k. – 1995, Bakı) – Azərbaycan yazıçısı, ədəbiyyatşünas. Azərbaycan xalq yazıçısı (1984). Filologiya elmləri namizədi (1954), dosent (1956). Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1976). Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısıdır.
1949 ildən Azərbaycan Pedaqoji İnstitutunda dərs deyirdi. İnstitutun Rus və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri işləmişdir (1972-77). Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur (1966-68); 1981 ildən birinci katibidir. «Azərbaycan» jurnalının Baş redaktoru olmuşdur (1976-78).
Əsərləri 1947 ildən çap edilir. «Kerç sularında» (1950) adlı ilk kitabındakı hekayələrdə adamların əmək və döyüş rəşadəti təsvir olunur. «Dağlar səslənir» (1951) povesti Daşkəsən mədənçilərinə, «Ayrılan yollar» (1957) romanı mənəvi-əxlaqi problemlərə həsr olunmuşdur. «Dəli Kür» (h. 1-4, 1957-67) romanında hadisələri sosial-tarixi vüsətlə əks etdirmiş, xalq həyatının geniş epik mənzərəsini canlandırmış, koloritli, psixoloji baxımdan dərin xarakterlər yaratmışdır. «Cəbhə yolları» (1984) povesti, «Odlu çarpazlar» (1984) pyesi Böyük Vətən müharibəsi mövzusundadır.
Publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələri, xatirələri, ssenariləri, xarici ölkələr ədəbiyyatına dair dərslikləri var. Əsərləri SSRİ xalqları dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. «Dəli Kür» romanı ekranlaşdırılmışdır.