(1907-1982) Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu - ədəbiyyatşünas, folklorşünas, dramaturq, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970).
Bakı pedaqoji texnikumunu bitirmişdir (1923-1927), Azərbaycan Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). Azərbaycan Dövlət Universitetin filologiya fakültəsində baş müəllim (1939-1951), dosent (1951-1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək).
Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. «Qaçaq Nəbi» adlı ssenarisini 1938-ci ildə «İnqilab və mədəniyyət» jurnalında çap etdirmişdir. «Bir qalanın sirri» (1960), «Onu bağışlamaq olarmı?» (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. «Bahar» (1938), «Aslan yatağı» (1941), «Çiçəklənən arzular» (1951), «Hind nağılı» (1956), «Rübailər aləmində» (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. «Azərbaycan xalq dastanları (orta əsrlər)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1965). 1946-1977-ci illərdə «Koroğlu», «Molla Nəsrəddinin lətifələri», «Aşıq Ələsgər», «Kitabi-Dədə Qorqud», «Azərbaycan dastanları» və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır.
Azərbaycan folkloru kursu, B., 1940, Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar) (1941), Azərbaycan xalqının qəhrəman oğullan (1942), Çiçəkli dağ (nağıl-pyes) (1965), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların müəllifidir.