(1901–1983)
Vəliyev Əli Qara oğlu – nasir, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq Yazıçısı (1974), M. F. Axundov adına Dövlət mükafatı laureatı (1958).
Şuşa firqə məktəbində (1923), Bakı Mərkəzi firqə şura məktəbində və mühazirəçilər qrupunda (1924–1925) təhsil almışdır. 1928-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-ictimaiyyət fakültəsinə daxil olmuşdur.
«İnqilab və mədəniyyət», «Hücum», «Ədəbiyyat cəbhəsində» və s. qəzet və jurnallarda hekayələri dərc olunmuşdur. 1930-cu ildə Ağdam rayon partiya komitəsinə təbliğat və təşviqat şöbəsinin müdiri və «Kolxoz sədası» qəzetinin redaktoru vəzifəsinə göndərilmişdir.
1937-ci ilədək Laçın, Qubadlı rayonlarında və Naxçıvan vilayətində partiya sahəsində fəal çalışmışdır, eyni zamanda «Şərq qapısı» (1934–1935) və «Sovet Kürdüstanı» (1935–1937) qəzetlərində məsul redaktor olmuşdur. 1942–1943-cu illərdə Azərbaycan incəsənət işçiləri ittifaqında, Bakı şəhər rayon icraiyyə komitəsində məsul vəzifələrdə çalışmışdır. Sonra «Kommunist» qəzetinin redaktor müavini, məsul redaktor işləmişdir (1943–1949). Bir müddət Yazıçılar İttifaqında məsul katib (1949–1954), «Azərbaycan» jurnalında məsul redaktor işləmiş, ömrünün sonunadək yazıb-yaratmışdır.
Allahın səyahəti (1930); Nənəmin cəhrəsi (1930); Qarlı dağlar (1938); Dostlar (1939); Sübut (1941); Gülşən (1949); Çiçəkli (1955); Ürək dostları (1970); Anaqız (1965); Bir cüt ulduz (1967); Bir cüt tərlan (1968); Samovar tüstülənir (1971); Durna qatarı (1972); Zamanın ulduzları (1976); Narahat adam (1978); Ötən günlər (1981); Madarın dastanı (1988) və s kitablarının müəllifidir.