ZEYNAL XƏLİL

   

(Zeynal Rza oğlu Xəlilov; 23.3.1914, Yelizavetpol, İndiki Gəncə – 11.8.1973, Bakı) – Azərbaycan şairi, dramaturq. Azərbaycan əməkdar incəsənət xadimi (1964).

«İstək» adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: «Yəhərləyin atları», «416», «Döyüşçünün vəsiyyəti» və s. şe‘rlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş «Tatyana» poeması , (1942) yazmışdır.

«Düşüncələr» (1943), «E‘tibar» (1947), «Arzular» (1949), «İki dünya» (1952), «Bənövşə» (1956), «Şe‘rlər» (1963), «Sevdiyim rəng» (1970), «Günəş, dəniz və insan» (1973) və s. şe‘r kitablarının, «Ulduzlar» (1961) mənzum romanın müəllifidir. «İntiqam» (1941), «Qatır Məmməd» (1945), «Gənc ustalar» (1954), «Ata yolu» (1966) pyesləri var. «Qatır Məmməd»in motivləri əsasında eyniadlı film çəkilmişdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr etmişdir.

«Şərəf nişanı» ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri: Əsərləri, 2 cilddə, B., 1965; Əsrim, taleyim mənim, B., 1978; Stixi o qornoy tropinke, M., 1973.