(19.12.1921, Bakı – 22.08.2002, Bakı)–Azərbaycan rəssamı. Azərbaycan xalq rəssamı (1963). SSRİ rəssamlıq akademiyasının müxbir üzvü (1958). Azərbaycan Dövlət mükafatı laureatı (1974). Beynəlxalq Nehru mükafatı laureatı (1969). Professor (1973).
Ə. Əzimzadə ad. Azərbaycan Rəssamlıq Məktəbini (1939) və V. İ. Surikov ad.Moskva Dövlət Rəssamlıq İnstitutunu (1949) bitirmişdir. Abdullayev Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış, yüksək ideyalılıq və müasirlik ruhunda yaratdığı boyakarlıq və qrafika əsərləri ilə sosialist realizmi incəsənətini zənginləşdirmişdir.
Böyük Vətən müharibəsi illərində çəkdiyi tarixi kompozisiya və portretlərində sovet vətənpərvərliyini tərənnüm etmişdir. Müharibədən sonrakı illərdə Abdullayevin yaradıcılığı daha da püxtələşmişdir. Müasirlərimizin mə‘nəvi gözəlliyini, doğma təbiəti təsvir edən «Axşam» (1947), «Mingəçevir işıqları» (1948), «Səadət quranlar» (1951) tabloları İttifaq miqyasında müvəffəqiyyət qazanmışdır. «Masallı silsiləsi»nə daxil olan «Körpəsinin ardınca», «Manqabaşçısı Rəxşəndə» (1955) və s. tablolarında müasir kənd adamları təsvir olunmuşdur.
«Sevinc» (1956) tablosu ana məhəbbətini əks etdirir. Nikbinlik Abdullayevin tablolarının başlıca xüsusiyyətidir. «Tarlada» (1960), «Qoca çoban», «Qarabağlı qız», «Lənkəranlı kolxozçu qadın» (1963–64), «Abşeronda» (1964), «Masallı qızları» (1966), «Astarada çay yığımı» (1967), «Çəltikçi qızlar» (1970) və s. əsərlərində əmək adamları, məişət səhnələri lirik səpkidə verilmişdir.
«Azərbaycan çöllərində» (1964–65) triptixində Böyük Vətən müharibəsi illərində sovet adamlarının mə‘nəvi birliyi, yenilməzliyi əks olunmuşdur. Abdullayev klassik milli irsin nailiyyətlərinə məhəbbətlə yanaşır, başqa xalqların bədii irsindən də yaradıcılıqla istifadə edir. Abdullayevin yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tutur. 1956–71 illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və b.
ölkələrə səfərləri zamanı çəkdiyi rəsmlər silsiləsində («Benqal qızları», «Rəcastan qadınları», «Qoca əfqan», «Kişfaludi-Ştrobl», «R. Quttuzo», «C. Mansu» və s.) milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Əsasən, tematik tablolar ustası kimi tanınan Abdullayev portretlər qalereyası yaratmışdır.
«M. Qorki 1928 ildə Bakıda» (1950), «Ü. Hacıbəyov» (1944), «Səməd Vurğun» (1944, 1959, 1975), «Şəbəkə ustası Ə. Babayev» (1961), «M. F. Axundov» (1962), «M. P. Vaqif» (1968), «İmadəddin Nəsimi» (1973), «Pianoçu F. Bədəlbəyli» (1975) və s. portretlərində Abdullayev təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etmiş, onların xarakterini ustalıqla aça bilmişdir. O, M. İbrahimovun «Gələcək gün»(1951), S. Rəhimovun «Şamo» (1954) romanlarına, «Kitabi-Dədə Qorqud» (1956) dastanına, Füzulinin «Leyli və Məcnun» (1958, 1971) poemasına illüstrasiyalar çəkmiş, Ü. Hacıbəyovun «Leyli və Məcnun» (1965), «Koroğlu» (1967) operalarına, Niyazinin «Çitra» baletinə (1972) tərtibat vermişdir.
Abdullayevin əsərləri Paris, London, Berlin, Monreal, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və s. şəhərlərdə nümaiş etdirilmişdir. 1966–67 illərdə Berlin və Leypsiqdə rəssamın fərdi sərgisi keçirilmişdir. Azərbaycan SSR Ali sovetinin (5–9-cu çağırış) deputatıdır.
Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.