ƏLİYEV HƏSƏN ƏLİRZA OĞLU

   

(15.12.1907, Ermənistanın indiki Sisyan rayonunun Cömərdli k.)-Azərbaycan torpaqşünası, ümumi əkinçilik və təbiəti mühafizə üzrə alim.

Kənd təsərrüfatı elmləri doktoru, professor (1966). Azərbaycan Elmlər Akademiyasının akademiki (1952). Azərbaycan əməkdar elm xadimi (1977). Azərbaycan dövlət mükafatı laureatı (1978). Böyük Vətən müharibəsi iştirakçısıdır.

Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi hissə üzrə direktor müavini və V. İ. Lenin ad. Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim (1944 - 49), Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru (1949 - 52), Azərbaycan kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan Elmlər Akademiyasının akademik katibi (1952 - 57), Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957 - 67) olmuşdur. 1968 ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olmuşdur.

Əsas tədqiqatı meşə torpaqlarının coğrafiyasına, Respublika Torpaq xəritəsinin və Azərbaycanda Beynəlxalq Bioloji Proqramın hazırlanmasına, ətraf mühitin qorunmasına, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə həsr edilmişdir. Əliyevin yüksək ixtisaslı kadr hazırlanmasında böyük xidməti olmuşdur.

«Azərbaycan təbiəti» məcmuəsinin baş redaktoru (1975 ildən), coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü idi. Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri və Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezidentidir (1970 ildən). Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964), Rumıniya (1966), İsveçrə (1966) və s. ölkələrdə keçirilən Beynəlxalq konqresslərdə mə‘ruzə etmişdir. Azərbaycan Kommunist Partiyasının 28 – 29-cu qurultaylarının nümayəndəsi, Azərbaycan Ali Sovetinin (10-cu çağırış) deputatı olmuşdur. Lenin ordeni, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri ilə, N. İ. Vavilov ad. Qızıl medal və b. medallarla təltif edilmişdir.

Əsərləri: Pirsaat düzünün torpaqları və perspektivası, B., 1940; Həyəcan təbili, B., 1976; Poçvı nizoviy rek öqo-vostoçnoqo sklona Bolğşoqo Kavkaza, B., 1948; Poçvı Azerb. SSR, B., 1953; Koriçnevıe lesnıe poçvı, B., 1965; Prikurinskie tuqaynıe lesa Azerb., B., 1975; Poçvı Bolğşoqo Kavkaza, ç. 1, B., 1979.