(06.06.1929, Bakı – 06.06.2004, Bakı) – heykəltaraş, Azərbaycan Respublikasının əməkdar rəssamı (1997).
1946 – 1950-ci illərdə Ə. Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, 1950 – 1956-cı illərdə Moskvada Surikov adına Rəssamlıq Akademiyasında (N. V. Tomskinin sinifində) təhsil almışdır. 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. M. Rzayeva Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərmişdir.
M. Rzayeva özünəməxsus dəst-xəttə malik heykəltaraşdır. O, əsasən psixoloji portret ustası idi; yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi. Bu, onun yaradıcılıq üslubunun əsas cəhəti idi. İstedadı, zəngin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı diqqəti cəlb edir. Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlərinin hər biri nadir sənət nümunələri kimi qiymətləndirilmişdir.
M. Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəlin müəllifidir. Bakıdakı heykəllərdən: Sevil Qazıyevın qorelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin heykəlini (qırmızı qranit, 1970), Yeseninin heykəlini (1977), Ayna Sultanovanın heykəlini (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar.
M. Rzayeva Gəncədə Məhsəti Gəncəvinin (bürünc, 1983), Nigar Rəfibəylinin (bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Xızıda Mikayıl Müşfiqin (bürünc, 1989, F. Əliyevlə birgə) heykəllərini yaratmışdır.
M. Rzayevanın sonuncu işlərindən biri Azərbaycanın Qusar rayonunda yerləşən dağın 3763 m. hündürlükdəki «Heydər Zirvəsinə» bərkidilən Azərbaycan Respublikasının prezidenti, Ümummilli liderimiz Heydər Əliyevin tunc barelyefi olmuşdur (barelyefin uzunluğu 82 sm, eni 59 sm, ağırlığı 42 kq-dır). Barelyef 1998-ci il mayın 10-da Heydər Əliyevin 75 illik yubileyi münasibətilə alpinistlər dəstəsi tərəfindən fəth olunmuş ən uca dağ zirvəsinə bərkidilmişdir.