QAŞQAY MİRƏLİ SEYİDƏLİ OĞLU

   

(7.1.1907, Gəncə– 23.4.1977, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), əməkdar elm və texnika xadimi (1959).

Azərbaycan Elmlər Akademiyasının akademik katibi (1945-62, 1967-74), Azərbaycan Elmlər Akademiyası İ.M.Qubkin ad. Geologiya İnstitutunda şöbə və laboratoriya rəhbəri olmuşdur (1945 ildən). Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi və Qafqaz miss və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Kəlbəcərdə obsidian və perlit yataqları kəşf etmiş (A.Məmmədovla birgə), «Azərbaycan geometrik xəritəsi»ni (S.Əliyevlə birgə) tərtib etmişdir.

Azərbaycanın mineral və termal sularının geoloji-struktur şəraitini və geokimyasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Leninqrad (1946), Moskva (1955), Lvov (1955) mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya (1958), ABŞ (1959) mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü (1971) seçilmişdir. İran (1945), Meksika (1956), İngiltərə (1957), İsveçrə (1958, 1960), Çexoslovakiya (1968), Danimarka, Norveç (1960), Hindistan (1964), Bolqarıstan (1967), Türkiyə (1968), ABŞ (1969) və b. ölkələrdə beynəlxalq geoloji konqreslərdə və simpoziumlarda çıxış etmişdir. İsveç sülh konfransının (1968) iştirakçısı olmuşdur. Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı», Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunmuşdur.

Əsərləri: Azərbaycanın alunit yataqları (İ.Ə.Babayevlə birgə), B., 1976; Osnovnıe i ulğtraosnovnıe porodı Azerbaydcana, B., 1947; Mineralğnıe istoçniki Azerbaydcana, B., 1952; Perlitı i obsidianı (A. İ. Məmmədovla birgə), B., 1961; Listvennitı, ix qenezis i klassifikaüiə (Ş. İ. Allahverdiyevlə birgə), B., 1965; Petraloqiə i metalloqeniə Daşkesana, M., 1965; Alunitı, ix klassifikaüiə i ispolğzovanie, M., 1970; İz istorii drevney metallurqii Kavkaza (İ.R.Səlimxanovla birgə), B., 1973; The hydrotermal-metacomatic formation of Kaolin and genetic classification of clay rocks. Clay miner. Bull., London, 1959, vol. 4, N21; On the Alpientype veins of Caucasus, Just. Lugas Mallada. C.S.L.O. (Espana), Madrid, 1960, fasc. 7.