Vətəndaş cəmiyyətinin
təşəkkülündə milli qeyri-maddi
irs bir sıra tərkib hissələrini özündə
cəmləşdirir. Onlardan biri də səs yazıları
irsinin qorunmasından ibarətdir. Bura ədəbi,
fəlsəfi irslə yanaşı, muzey və
arxiv informasiyaları, fundamental sorğu məlumatları
və digər informasiyalar daxildir. Bütün
bunlar milli informasiya resurslarının mühüm
bir hissəsidir. Mədəni-tarixi informasiyalar
milli ənənələrlə və tarixi yaddaşla
qırılmaz surətdə bağlıdır;
bütün ölkə ərazisində bu infomasiyalardan
sərbəst şəkildə istifadə olunması
cəmiyyətin üzvi inkişafına xidmət
edərək, milli şüurun vəhdətini
təmin edir.
    XX əsrdə yaşamış
Azərbaycanın ictimai xadimlərinin canlı
səsləri məhz zamanın sınağından
çıxmış Yaddaşdır. Bu, keçmişin
yaddaşıdır və bunsuz gələcək
yoxdur. Onlar dinləyicini dövrün tarixi reallıqları
ilə tanış edir, qarşılıqlı
anlaşmaya, dialoqa və tolerantlığa yollar
açır.
    Layihənin əsas
məqsədi ondan ibarətdir ki, hər bir insanın
əlaqə vasitələrindən istifadə
etməsi üçün lazımı şərait
yaradılsın, dövlət sərhədlərindən
asılı olmayaraq, informasiya və ideyalar axtarmaq,
almaq və onu yaymaq azadlığı və öz
əqidəsini qorumaq imkanı əldə edilsin.
Səs irsi Azərbaycanın mədəni irsinin
ayrılmaz hissəsidir: fonosənədlərin
təsviri, qorunması, saxlanılması, öyrənilməsi
və istifadəsi problemlərinin həllini maddi
və qeyri-maddi mədəniyyətin digər növləri
üzrə uyğun prodlemlərin həlli ilə
uzlaşdırmaq zəruridir.
    Azərbaycanın səs
irsi dünyanın ictimai-mülki irsinin ayrılmaz
hissəsidir. Azərbaycanın fonoirsi ilə bağlı
problemlərin kompleks həlli yeni audio-, informasiya
kommunikasiya texnologiyalarından kənarda mümkün
deyil; bu irsin qorunub saxlanılması və bərpası,
öyrənilməsi və ondan icazəli surətdə
istifadə edilməsi üçün bu texnologiyaların
rolu böyükdür.
    Azərbaycanda vətəndaş
cəmiyyətinin yaranması tarixi ilə bağlı
olan vahid səsli tarixi sənədlər fondunun
yaradılması; uzaq məsafədə yeni informasiya
və kommunikasiya texnologiyalarından (şəbəkə,
rəqəmsal sıxlıq, məlumatların
real zamanda ötürülməsi və s.) bu cür
biliklərə yiyələnmək arzusunda olan
hər bir insanın istifadə etməsi üçün
şəraitin yaradılması vacibdir.
    Layihənin strateji məqsədi
gələcəkdə həllini tələb edən
bütün anlayışlarla bağlı məsələləri
nəzərdə tutur; belə anlayışlar
sırasına «tarixi şəxsiyyət», «tarixi
bilik», «intellektual mədəniyyət», «tarixi yaddaş
fenomeni» kimi anlayışlar daxildir. O cümlədən,
sonuncu anlayış dövrün tarixi hadisələrini
nəzərdə tutan ictimai fərdin yaddaşını,
fərdi və kollektiv şüurun qarşılıqlı
münasibətini, şəxsin, qrupun, milli mənsubiyyətin
– ümumilikdə vətəndaş cəmiyyətinin
formalaşmasında onların rolunu ehtiva edir.
Professor Tariyel
Məmmədov.